Azərbaycan Texnologiya Universitetinin (UTECA) rektoru professor Akif Süleymanov “Azəralüminium” MMC-nin direktoru Maksim Cavadovu və “Azəralüminium” MMC-nin Gəncə Kompleksinin direktoru Cəmil Səfərovu “Tələbənin dostu” fəxri adı ilə təltif edib.
Qeyd edək ki, Azərbaycan Texnologiya Universiteti ilə “Azəralüminium” uğurlu universitet-sənaye əlaqələri icra edir. Belə ki, əsası 2016-cı ildən qoyulan əlaqələr nəticəsində “Azəralüminium”un sifarişi ilə 4 elmi tədqiqat işi aparılıb.
“Azəralüminium” zavodunda UTECA-nın Kimya və metallurgiya mühəndisliyi kafedrasının filialı yaradılıb ki, bu da həftənin iki günü metallurgiya mühəndisliyi ixtisası üzrə ixtisas fənlərinin tələbələrə filialda tədrisinə imkan verib. Bununla da UTECA tələbələri müəssisənin zəngin laboratoriyalarından istifadə edir, istehsalın texnoloji keçidlərini əyani şəkildə görür, gələcəkdə qarşılaşa biləcəkləri problemlərlə indidən əyani şəkildə tanış olmaqla yüksək səviyyəli kadr kimi yetişirlər.
Bundan başqa UTECA tələbələri “Azəralüminium”da elmi seminarlarla çıxış ediblər. İxtisasın tədris planının seçmə fənlər bloku isə müəssisənin təklifləri nəzərə alınaraq formalaşdırılıb.
“Azəralüminium” ixtisasın maddi-texniki bazasına da əhəmiyyətli dərəcədə kömək edir. Bu ilin mayında Bakıda keçiriləcək “TEKNOFEST”də iştirak edəcək UTECA tələbələri “Robotlaşdırılmış minaaxtaran və zərərsizləşdirən” layihəsi çərçivəsində mobil robotu məhz bu tərəfdaş müəssisənin köməyi ilə hazırlayırlar.
Rektor bütün bunları və universitetin tələbə cəmiyyətlərinin təklifini nəzərə alaraq “Azəralüminium”un rəhbər şəxslərini “Tələbənin dostu” fəxri adı ilə təltif edib.