UTECA-da ``Hərəmiz bir gül əkək`` adlı aksiya keçirilib

Azərbaycan Texnologiya Universitetinin Qida mühəndisliyi fakülltəsində ümumilli lider Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr olunmuş "Hərəmiz bir gül əkək" adlı aksiya keçirilib.

Yaşıllaşdırma marafonu fakültə könüllülərinin təşkilatçılığı ilə baş tutub.

Tədbirdə rektorun elm və innovasiyalar üzrə müşaviri dos.Mayıs Gülalıyev, tədris və sənaye əlaqələri üzrə müşaviri dos.Aqil Eyvazov, Gəncə şəhər Gənclər Evinin direktoru Amil Qurbanov, Qida mühəndisliyi fakültəsinin dekanı dos.Mehman İsmayılov, professor Əhəd Nəbiyev və başqaları çıxış edib.

Bildirilib ki, Azərbaycan Texnologiya Universitetinin əsası 1979-cu ildə Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Həmin vaxt baza ixtisası şərabçılıq və yüngül sənaye olan universitet öz ənənəsinə sadiq qalaraq bu gün də qida mühəndisləri, texnoloqları yetişdirir.

Qeyd edilib ki, Azərbaycan Texnologiya Universitetinin rektoru professor Akif Süleymanov özü də Heydər Əliyevin vaxtilə təhsil almaq üçün xaricə göndərdiyi gənclərdən olub və o bu gün ulu öndərin əsasını qoyduğu universitetdə missiyasını, dövlətə, vətənə və xalqa xidmətini davam etdirir. Çıxış edənlər tələbələrə dövlətin onlar üçün yaratdığı şəraitdən faydalanaraq elmin sirlərinə yiyələnməyi, daim öz üzərlərində çalışmağı, yüksək səviyyəli kadr kimi yetişərək qida sektorunda nailiyyətlərə və yeniliklərə imza atmağı arzulayıblar.

Tələbələrin ifasında əyləncə proqramı izlənildikdən sonra yaşıllaşdırma marafonuna start verilib. Tədbir iştirakçıları, eləcə də Qida mühəndisliyi fakültəsinin hər tələbəsi və əməkdaşı universitetin həyətinə müxtəlif növ gül fidanları basırıblar.

Sonda fakültə könüllüləri təşəkkürnamə ilə təltif ediliblər.

 

 

63 dəfə oxunub