Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq

Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq

30 ilə yaxın idi ki, Azərbaycan xalqının ən böyük arzusu, istəyi, amalı, məqsədi yalnız bir idi – işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etmək! Bu arzumuzu  hər fürsətdə dilə gətirmişik. Şuşada keçirilən V qurultay arzularımızın  yerinə yetdiyi bir məqam  oldu. Bizi bir-birimizə birləşdirən, dünya miqyasında nüfuzumuzu artıran, xalqını, hər bir qarış torpağını qorumağı bacaran, qırılmaz tellərlə bizi bizə birləşdirən ölkə başçımızın  uzaqgörən siyasəti nəticəsində bu gün tarixdə böyük hərflərlə yazılan izlər qoyduq. Bu günlər hamımız  bir tarix yazdıq.

Azərbaycan xalqının birliyinin təmin olunmasının ən böyük mənası elə dünya çapında məkrli düşmənə qarşı effektli, koordinasiyalı mübarizənin təşkili, zaman-zaman itirdiyimiz torpaqlarımıza qayıdışımıza nail olmaq idi. Sözsüz ki, böyük qələbənin aparıcı qüvvəsi Azərbaycan dövləti, şanlı ordumuz, qəhrəman əsgərimizdir.  

Azərbaycan xalqı 30 il davam edən mənasız danışıqlar əvəzinə öz gücünü ortaya qoydu, ədaləti, beynəlxalq hüququ bərpa etdi. Bütün dünyaya sübut etdi ki, biz böyük xalqıq və heç vaxt işğalla barışmaq fikrində deyilik. Beynəlxalq təşkilatlar isə Ermənistanın işğalçılıq siyasətini pərdələmək və Azərbaycanı bu acı vəziyyətlə barışdırmaq məqsədi güdürdü. Azərbaycan yalnız mənfur, aciz bir düşmənlə  müharibə aparmayıb, eyni zamanda, Ermənistanın himayədarları ilə də mübarizə  aparmalı olub və bu müharibədə Qələbə qazanıb. Ona görə də, bu Qələbənin tarixi əhəmiyyəti daha böyükdür.

Milyonlarla xaricdə yaşayan azərbaycanlılar öz çıxışlarında, şərhlərində, sosial şəbəkələrdə və digər imkanlardan istifadə edərək, Azərbaycanın haqq səsini, haqq işini yaşadıqları ölkələrin ictimaiyyətinə çatdırırdılar. Bu yöndə fəaliyyəti davam etdirmək lazımdır, çünki ermənilərin informasiya təxribatları hələ də davam edir. Müharibə başa çatsa da, bizə qarşı olan ərazi iddiaları hələ ki, başa çatmayıb. Amma artıq heç kəsə sirr deyil və bütün dünya da bilir ki, ermənilər XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan torpaqlarına köçürülmüşlər. 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Zəngəzurun Azərbaycandan qoparılıb Ermənistana verilməsi tarixi faktdır. Ondan iki il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin İrəvanı Ermənistana bağışlaması da sənədlərlə təsdiq olunan faktdır. Tarixi amillər həmişə istənilən münaqişənin siyasi və digər yollarla həll edilməsi üçün çox vacibdir. XIX əsrdə imzalanmış Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələrinin müddəalarını beynəlxalq ictimaiyyətə çatdırmaq kifayətdir. Orada erməni əhalisindən söhbət getmir. Kürəkçay müqaviləsini İbrahimxəlil xan Şuşalı və Qarabağlı imzalayıb. XIX əsrin bu tarixi hadisələrindən sonra Qarabağa ermənilərin kütləvi köçü başlamışdır. Bu da heç kimə sirr deyil və artıq dünya ictimaiyyəti, ekspertlər bunu bilir. Azərbaycan xalqına qarşı edilən haqsızlıqlar haqqında daim beynəlxalq ictimaiyyəti məlumatlandırmalıyıq.

Leyla Hüseynova 

Azərbaycan Texnologiya Universitetinin assistenti

 

 

 

 

 

 

39 dəfə oxunub