Rektordan humanist addım

Rektordan humanist addım

Ermənilərin Gəncəyə raket hücumu zamanı dağıntılar altından xilas edilən UTECA tələbəsinin təhsil haqqı Azərbaycan Texnologiya Universitetinin daxili imkanları hesabına ödəniləcək. Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov vətəndaş qəbulu zamanı buna dair göstəriş verib.


Belə ki, qəbulda iştirak edən valideyn Ramiz Ağayev 2020-ci il, 17 oktyabr gecəsi Gəncədə törədilən erməni terrorunda evlərinin tamamilə dağıldığını, bütün ailə üzvlərinin yaralandığını, birinin isə şəhid olduğunu bildirərək övladı, UTECA-nın dizayn ixtisasının 3-cü kurs tələbəsi Gülçin Ağayevanın təhsil haqqının universitet hesabına ödənilməsini xahiş edib.


Rektor, professor Akif Süleymanov bildirib ki, erməni terrorundan zərər çəkən ailələr dövlət qayğısı ilə əhatə olunub. Bu ailələr dövlət tərəfindən yeni mənzil və fərdi evlərlə təmin edilib. Texnologiya Universitetinin də öz növbəsində erməni terrorundan əziyyət çəkən tələbəsinə hər zaman dəstək göstərməyə hazır olduğunu qeyd edən rektor müraciətin təmin ediləcəyini bildirib.
Xatırladaq ki, Gülçin Ağayevanın ötən il də təhsil haqqı Azərbaycan Texnologiya Universitetinin daxili imkanları hesabına ödənilib. Gülçinin babası 78 yaşlı Nurəddin Ağayev 17 oktyabr, 2020-ci ildə Gəncə terrorunda şəhid olub.


Rektorun bu gün keçirilən qəbulunda 10 yaxın valideyn və tələbə iştirak edib. Müraciətlər əsasən akademik borc, işlə təminat kimi məsələlərlə bağlı olub. Dinlənilən məsələlərin bir qisminin həlli üçün müvafiq göstərişlər verilib, bəzi məsələlər isə araşdırılaraq, qanunamüvafiq qaydada həll edilməsi üçün qeydiyyata götürülüb.

234 dəfə oxunub