Milli məfkurənin oyanış tarixi: 20 Yanvar

Milli məfkurənin oyanış tarixi: 20 Yanvar

              

       1990-cı ilin 20 yanvar faciəsi xalqa Azərbaycanın müstəqil olmasının əhəmiyyətini sübut etdi. Keçmiş Sovet İttifaqı rəhbərliyinin xalqın problemlərini həll etməkdən, provokasion ermənilərin tərəfini saxlamaqdan əl çəkib ədalətli olmaqdansa əliyalın insanlara güllə atmaları, tanklarla əzmələri başa düşülən deyildi. Ona görə də 20 yanvar hadisələri milli ruhun oyanışına, insanlarda müstəqil dövlət qurmağın vacibliyi kimi fikirlərin formalaşmasına səbəb oldu. Xalq birləşdi və həm sovet dövlətinə, həm də Azərbaycana o dövrdə rəhbərlik edənlərə qarşı mübarizə başladı. Lakin bu mübarizədə xalqın qələbə çalması üçün vətənpərvər, ziyalı, qabiliyyətli, təcrübəli liderin olması çox vacib idi. Xalqın əksəriyyəti bunu istəyirdi. Ziyalı xalq nümayəndələri belə bir liderliyi Heydər Əliyev şəxsiyyətində görürdü. Belıliklə, 1990-cı ilin 20 yanvar hadisələri milli oyanış, müstəqillik, hürriyyət və milli azadlıq hərakatının ən pik nöqtəsi olmaqla Azərbaycan tarixinə qırmızı hərflərlə yazıldı. 

       Qeyd etmək lazımdır ki, Azərbaycanın paytaxtı Bakı şəhərində baş vermiş 1990-cı ilin 20 yanvar faciəsi keçmiş sovet imperiyasının xalqımıza qarşı qabaqcadan hazırlanmış, planlaşdırılmış hərbi cinayət idi. Bunun sübutu kimi, Rusiyanın Krasnodar, Svavropol vilayətlərindən çağrılmış saqqallı, saçları qırxılmamış erməni millətindən olan əsgərlərin Bakıya gətirilməsini, əsgərlərə, tanklara əliyalın xalqa atəş açmaq əmrini verilməsini göstərmək olar. Nəinki Bakıda, həmçinin Azərbaycanın rayonlarında da fövqalədə vəziyyət elan edilmiş və qətlə yetirələnlər olmuşdu. Nəticədə Nefçalada və Lənkəranda 8 nəfər öldürülmüşdü. Ümumən Azərbaycanda yanvar hadisələrində 147 nəfər amansızlıqla qətl edilmiş, 744 nəfər yaralanmış, 841 nəfər qeyri qanuni olaraq həbsə atılmışdı. Bundan başqa 200 ev və ya mənzil, təcili yardın maşını da daxil olmaqla 80 avtomaşın, həmçinin dövlət və şəxsi əmlaka ziyan vurulmuşdu.

 

Tofiq Mirzəyev 

Azərbaycan Texnologiya Universitetinin Yüngül sənaye mühəndisliyi və dizayn kafedrasının müdiri

 

 

108 dəfə oxunub