Avropa universitetinin nümayəndələri UTECA-da olublar

Avropa universitetinin nümayəndələri UTECA-da olublar

Azərbaycan Texnologiya Universiteti Erasmus+ proqramı çərçivəsində Polşanın Ekologiya və Menecment Universiteti ilə əməkdaşlıq etməkdədir. İki universitet 2018-ci ildən mütəmadi olaraq tələbə-müəllim mübadiləsi həyata keçirir. Proqram çərçivəsində adı çəkilən universitetin Erasmus+ proqramı üzrə koordinatoru Karolina Urban və Mühəndislik və menecment fakültəsinin Erasmus+ proqramı üzrə koordinatoru Ievgeniia Mashukova 1 həftə müddətində UTECA-da olublar.

Qonaqları ilk olaraq universitetin rektoru professor Akif Süleymanov qəbul edib. O, Azərbaycan Texnologiya Universitetinin beynəlmiləlləşməyə xüsusi əhəmiyyət verdiyini və müəllim, tələbələrin mobillik proqramlarında iştirakında universitetin maraqlı olduğunu vurğulayıb. Rektor bu tədris ilinin I semestrində bir çox UTECA tələbəsinin mübadilə proqramı çərçivəsində xarici ölkələrdə təhsil aldığını qeyd edərək bu ənənənin davamlı olduğunu bildirib.

Qonaqlarla görüşən universitetin Elm və innovasiya üzrə ptorektoru dosent Yaşar Ömərov da bu kimi əlaqələrin universitetlər arasında əməkdaşlığın artırılmasında əhəmiyyətindən bəhs edib. Bildirib ki, Azərbaycan Texnologiya Universitetində gənc tədqiqatçılar ilə xarici elm adamlarının onlayn görüş platformaları tez-tez təşkil edilir. Belə seminarların silsilə keçirildiyi bir vaxtda polyak mütəxəssislərin əyani təlimləri tələbə və gənc tədiqatçıların marağına səbəb olacaq.

Daha sonra qonaqlar Qida mühəndisliyi fakültəsinin laboratoriyasında olublar. Fakültə əməkdaşları qonaqları laboratoriya ilə tanış edib və laboratoriyada hazırlanan məhsullar haqqında ətraflı məlumatlar veriblər.

Səfərin sonrakı günlərində Elm və xarici əlaqələr mərkəzinin əməkdaşları qonaqları Gəncənin görməli yerləri ilə tanış edblər. Polşalı mütəxəssislər UTECA-da müəllim və tələbələr üçün təlimlər keçiriblər. Məhsuldar keçən təlimlərə tələbələr maraq göstəriblər. Xarici mütəxəssislər dinləyicilərin suallarını ətraflı şəkildə cavablandırıblar.

Səfərin son günündə UTECA-nın rektoru, professor Akif Süleymanov qonaqlara proqramın yekununa dair sertifikatlar təqdim edib.Karolina Urban işgüzar səfər müddətində hiss etdiyi diqqət və qonaqpərvərlik üçün təşəkkür edib və bu əməkdaşlığın iki universitet arasında əlaqələrin daha da genişləndirilməsində əhəmiyyətli rol oynayacağını vurğulayıb.

118 dəfə oxunub