Ağdamın azadlığı

Ağdamın azadlığı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev no­yabrın 20-də xalqa müraciətində Ağdam rayonunun düşməndən xilas edilməsini noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatın nəticəsi kimi dəyərləndirib. Üçtərəfli bəyanat Azərbaycanın Qələbəsidir, torpaqlarımızın qayıtmasıdır, bayrağımızın ucaldılmasıdır. Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz torpaqlarına qaytarır. Bu gün yaşadığımız günlər, yaşadığımız anlar hər bir azərbaycanlının yaddaşında əbədi olaraq qalacaq. Bu, Azərbaycanın  Zəfər tarixidir.

Ağdam rayonu 1930-cu ildə yaradılıb. 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal edib. İşğal edilmiş rayonların arasında əhalinin sayına görə Ağdam ən böyük rayondur. İşğaldan əvvəl Ağdam rayonunda 143 min insan yaşayırdı. Hazırda Ağdam rayon sakinlərinin sayı 204 mindir. Ərazisi 1 094 kv.km olan Ağdamın 846,8 kv.km-i, yəni 77,4%-i, bir şəhər və 80 kəndi ermənilərin əlinə keçib, o vaxta qədər Ağdamın 1 şəhər, 124 kəndi vardı. Bu işğal rayona 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan vurub. Ağdamlılar həm Birinci, həm də İkinci Qarabağ müharibəsində qəhrəmancasına vuruşmuşlar, çoxlu şəhidlər vermişlər. 

Cənab Prezidentin göstərişilə Ağdam rayonunun mərkəzinə çevirilmiş Quzanlı qəsəbəsində sosial obyektlər, infrastruktur və sənaye müəssisələri, insanlar üçün iş yerləri yaradılmış, infrastruktur layihələri icra olunmuş, böyük Olimpiya İdman Kompleksi, xəstəxana, məktəblər, Muğam Mərkəzi inşa edilmişdir.

2010-cu ilin noyabr ayında erməni separatçıları Ağdamın adını dəyişərək “Akna” qoymuş və rayonun işğal edilmiş ərazilərində 360 nəfər qanunsuz olaraq daimi məskunlaşmışdır.

Ağdam ağır yeyinti və yüngül sənayeyə, inkişaf etmiş kənd təsərrüfatına malik bir rayon idi. Rayonda dəzgah avadanlıqları, arekosmik və rabitə cihazları, metiz – furnitur, traktor və avtomobil təmiri, asfalt, konserv, yağ – pendir, barama toxumu, pambıq, şərab və mexanikləşdirilmiş çörək zavodları, xalça fabriki, taxıl məhsulları, tikinti materialları və ət kombinatları, iki dəmir yolu vağzalı və aeroport, Ü.Hacıbəyli adına musiqi texnikumu, Ə.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı və s. sosial və mədəniyyət obyektləri fəaliyyət göstərirdi. Rayon ərazisinin 1700 hektarı meşəlik, 91,3 hektarı isə kənd təsərrüfatına yararlı torpaqlardan ibarət idi. Ağdam Azərbaycan elminə və mədəniyyətinə Süleyman Sani Axundov, Famil Mehdi, Şahmar Əkbərzadə, Əhməd Ağdamski, Sara Qədimova, Qurban Primov, akademik Zakir Məmmədov, fəlsəfə elmləri doktoru Ziyəddin Göyüşov, tarix elmləri doktoru Rəşid Göyüşov, minerologiya elmləri doktoru Xudu Məmmədov və başqaları olmaqla onlarla görkəmli şəxsiyyət bəxş etmişdir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin cıxışından sitat gətirmək istərdim: “Ağdamın əvvəlki şöhrəti bu rayona qaytarılacaqdır. Ağdam və işğaldan azad olunmuş bütün digər şəhərlər hazırlanacaq baş plan əsasında bərpa olunacaq”.    

Ağdamın azad edilməsinə səbəb olan İkinici Qarabağ müharibəsini qalibiyyətlə başa vurmuş Ali Baş Komandana və Azərbaycan ordusuna eşq olsun! Ağdam bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Aida Məmmədova

Azərbaycan Texnologiya Universitetinin Avtomatika və informasiya texnologiyaları kafedrasının baş müəllimi

81 dəfə oxunub