Münaqişə hərbi-siyasi yolla həll edildi

Münaqişə hərbi-siyasi yolla həll edildi

 

Tarixi faktlar göstərdi ki, Qarabağ münaqişəsinin kökü uzun dövrlərə gedib çıxır. Hələ XX əsrin əvvəllərində baş qaldıran erməni daşnaq hərakatı həmin əsrin sonlarına doğru müharibəyə çevrildi. SSRİ-nin zəifləməsindən istifadə edən erməni silahlıları Azərbaycana hücuma keçdilər. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə münaqişənin həlli istiqamətində ilk addımlar atıldı və siyasi xətt quruldu. Bu siyasi xətt Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən layiqli şəkildə davamlı etdirildi və güclü hərbi baza yarandı. Cənab prezidentin uzaqgörən siyasəti nəticəsində Azərbaycan 17 il ərzində iqtisadi, siyasi, hərbi sahədə daha da inkişaf edərək müharibəyə hazır vəziyyətə gəldi. Bu müddət ərzində dövlət başçısı müharibənin sülh yolu ilə həll edilməsinin tərəfdarı olduğunu bildirmişdir. Lakin Ermənistan öz çirkin əməllərindən əl çəkmir, münaqişəyə can atırdı. Düşmən 30 il ərzində dəfələrlə atəşkəsi pozaraq Azərbaycan ordusuna qarşı təxribatlar törədirdi. 2016-cı ildə baş vermiş “Aprel döyüşləri” göstərdi ki Azərbaycan ordusu işğal altındakı torpaqlarını hər an azad etməyə hazırdır. 2020-ci ilin 26 sentyabrında erməni silahlı birləşmələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutmağa başladı və bu Azərbaycanın səbrini daşıran son damla oldu. Ali Baş Komandan İlham Əliyevin əmrilə Azərbaycan Ordusu bütün təmas xətti boyu əks hücum əməliyyatına başladı. Azərbaycan Ordusu qarşısında tab gətirə bilməyən Ermənistan cəbhə xəttindən uzaqda yerləşən yaşayış məntəqələrini iriçaplı silahlar, artilleriya qurğularından intensiv atəşə tutmağa başladı. Mülki əhaliyə zərbələr endirdi, evlər dağıdıldı, böyük şəhərlərimizə düşmən bomba yağdırdı. Lakin məğrur xalqımız öz prezidentinə güvəndi. 

Müzəffər Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində “Dəmir yumruq” əməliyyatı ilə düşməni torpaqlarımızdan qovdu. Şəhid olan igidlərimizin qisası alındı, yurd yuvasından ayrı düşən məcburi köçkünlər öz doğma torpaqlarına qovuşdu. Döyüşlərdə itgilərimiz olsa da, 8 Noyabr Şuşa şəhərininin işğaldan azad edilməsi hər birimizin zəfəri oldu. Xalq öz ordusuna, prezidentinə arxalandı və bütün bunlar qələbə qazanmağımızın əsas göstəricisinə çevrildi. 

Üçtərəfli bəyanata əsasən Ağdam rayonu ərazisində Rusiya-Türkiyə monitorinq mərkəzi yaradıldı.  Eyni zamanda Qarabağ torpaqlarına Rusiya sülhməramlıları yerləşdirildi. 

Cənab prezident Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının video konfrans formatında keçirilən iclasında çıxışı zamanı bildirdi: “Üçtərəfli bəyanata uyğun olaraq Ermənistan Azərbaycanın işğal olunmuş Ağdam, Laçın və Kəlbəcər rayonlarından işğalçı qüvvələrini geri çəkdi. Azərbaycanın silahlı qüvvələri döyüş meydanında 300 dən çox şəhər və kəndi işğaldan azad etdi. Beləliklə münaqişə hərbi-siyasi vasitələrlə həll edildi”.

Sonda qeyd etmək istərdim ki, gənc Azərbaycan vətəndaşı olaraq cənab prezident İlham Əliyevin uğurlu siyasətini dəstəkləyirəm. Azərbaycan gəncliyi prezidentin ətrafında birləşərək hələ çox zəfərlərə imza atacaq. Qarabağ Azərbaycandır!

 

Könül Vəliyeva

Azərbaycan Texnologiya Universitetinin Xarici dillər kafedrasınıaş müəllimi

 

82 dəfə oxunub