Zəngilanın işğalı və dağıdılmış infrastruktur

Zəngilanın işğalı və dağıdılmış infrastruktur

 

Məlum olduğu kimi Zəngilanın ərazisi şərqdən Həkəri cayından Mehri dag silsiləsinə qədər olan ərazini əhatə edir. Gözəl təbiətə malik olan bölgəmiz, doğma Zəngilan 1993-cü il oktyabrın 29-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. 1988-ci ildən 1993-cü ilin noyabrına qədər düşmənə baş əyməyən, hücumlara sinə gərən, yüzlərlə şəhid verən mərd Zəngilan işğala məruz qalan ən sonuncu rayon oldu. Dogma torpağımız şimaldan Qubadlı, şərqdən Cəbrayıl, cənubdan İran İslam Respublikası, qərbdən Ermənistan ilə həmsərhəddir.

Zəngilan birinci Qarabağ müharibəsində 188 şəhid verib, bu günə qədər 44 sakin itgin düşmüş sayılır. Rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı, üzümçülük, tütünçülük və heyvandarlıq təşkil edib. İşğaldan əvvəl bir şəhər, bir qəsəbə, 83 kənddən ibarət olan Zəngilanda 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, 1 texniki peşə və musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi var idi.

Bütün Avropada ən böyük cinar meşəsi bu rayonda idi. Ermənilər həmin cinarları doğrayaraq xarici ölkələrə satırdılar. Yeraltı və yerüstü sərvətlərimiz ermənilər tərəfindən talan edilirdi. Rayon ərazisində 1974-cü ildə yaradılan Bəsitçay Dövlət Təbiət Qoruğu düşmən tərəfindən yararsız hala salınmışdır. Zəngilanın meşə təsərrüfatına zərər vermək üçün ermənilər dəfələrlə meşələrdə yanğınlar törədib, coxillik qoz, cinar və şam ağacları tamamilə qırıblar. 

44 günlük Böyük Vətən Müharibəsi dövründə düşmən işğalından azad edilən torpaqlardan biri də Zəngilan oldu. Müzəffər Azərbaycan ordusu, dəyanətli Ali Baş Komandan İlham Əliyev sayəsində Azərbaycan əzəli-əbədi torpaqlarını geri qaytardı, tökülən qanların qisası alındı. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 20 oktyabr 2020-ci il tarixində xalqa etdiyi müraciətində Zəngilan rayonunun Havalı kəndi, Zənəli kəndi, Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan kəndi, Muganlı kəndi və Zəngilan şəhərinin Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmasını elan etdi. Cənab Ali Baş Komandanın verdiyi növbəti qələbə müjdəsi bütün xalqı sevindirdi, xüsusilə də 27 il dədə-baba yurdundan ayrı düşən zəngilanlıları. Möhtərəm prezident və birinci xanım Mehriban Əliyevanın dekabrın 23-ü 2020-ci il işğaldan azad olunmuş Qubadlı və Zəngilan rayonlarına səfəri biz Azərbaycan vətəndaşları üçün qürurverici bir hiss oldu. 

Ali Baş Komandanın Zəngilan ərazisindən keçərkən dediyi cümlələr xalqın prezidentə olan inamını bir daha doğrultdu: “Zəngilan rayonunun gözəl mənzərəsi var, səfalı məkandı, kəndimizin böyük hissəsini dağıdıblar. Lakin biz hamıısını bərpa edəcəyik. Torpağın sahibləri qayıdır”. Bəli, biz qayıtdıq. Rəşadətli ordumuz, mərd oğullarımız, əzmkar dövlət başçımız, birlik nümayiş etdirən xalqımız sayəsində qələbə qazandıq.

Azərbaycan xalqı, Azərbaycan gəncliyi öz prezidentinə inanır, apardığı uğurlu siyasəti dəstəkləyir və əmindir ki, dağıdılmış bütün kənd və rayonlarımızda infrastruktur bərpa ediləcək, hər bir guşəmiz cənnətə çevriləcək.

Yaşasın müstəqil və bütöv Azərbaycan… Qarabağ Azərbaycandır!

 

Aysel Məmmədli

Azərbaycan Texnologiya Universitetinin Xarici dillər kafedrasının müəllimi 

 

 

98 dəfə oxunub