Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpası Günü

Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpası Günü

 

- Dövlət müstəqilliyinin bərpası. SSRİ-nin 1991-ci ildə hərtərəfli dərin böhran keçirməsi Azərbaycana öz dövlət müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il avqustun 30-da xalqın tələbi ilə çağırılmış Ali Sovetin növbədənkənar sessiyası Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul etdi. Bəyanatda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin BMT nizamnaməsində, digər beynəlxalq hüquq pakt və konvensiyalarda təsbit edilmiş prinsiplərə müvafiq surətdə tanınması üçün dünya dövlətlərinə çağırış da yer almışdı. Ali Sovetin 1991-ci il 30 avqust tarixli iclasında bəyanatla yanaşı, “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Konstitusiya Aktının layihəsini iki həftə müddətində hazırlamaq barədə qərar qəbul edildi. Lakin respublika rəhbərliyi bu prosesi iki aya yaxın ləngitdi. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin 360 deputatından 258-si iştirakı ilə keçirilmiş sessiyasında adbaad səsvermədə “Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” yekdilliklə qəbul olundu;

- Dövlət müstəqilliyinin dünyada tanınması. Azərbaycanın dövlət müstəqilliyini ilk olaraq 1991-ci il noyabrın 9-da qardaş Türkiyə Respublikası tanıdı. Ali Sovet 1991-ci il dekabrın 3-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin tanınması xahişi ilə BMT-yə və dünya dövlətlərinə müraciət etdi. Dekabrın 8-də Belovejskdə SSRİ-nin fəaliyyətinə xitam veriləndən sonra beynəlxalq təşkilatlar və dünya dövlətləri digər müttəfiq respublikalar kimi Azərbaycanın da müstəqilliyini tanımağa başladılar. Dekabrın 11-də müstəqilliyimizi tanıyan 2-ci ölkə isə Rumıniya oldu. Analoji bəyanatı dekabrın 13-də Pakistan verdi. Daha sonra ardıcıl olaraq 23 dekabr-da İsveçrə, 25 dekabr tarixində İran dövlət müstəqilliyimizi tanıdı. Nəhayət, dekabrın 29-da Konstitusiya Aktı ümumxalq səsverməsinə çıxarıldı və 95 faiz seçicinin iştirak etdiyi referendum müstəqillik aktını rəsmiləşdirdi. Beləliklə, Azərbaycan Respublikası 1992-ci ilə müstəqil dövlət kimi qədəm qoydu. Azərbaycan Xarici İşlər Nazirliyinin 1992-ci ilin yanvarında yaydığı məlumata görə dünyanın 50 dövləti Azərbaycan Respublikasını rəsmən tanımışdı ki, həmin dövlətlər sırasında  23 yanvar 1992-ci ildə ABŞ, 10 aprel 1992-ci ildə Rusiya və digərlərini qeyd edə bilərik. 2 mart 1992-ci ildə Azərbaycan müstəqil dövlət kimi BMT-yə üzv qəbul edildi;  

- Müstəqillik xalqın azadlıq arzusu hesabına əldə olunub. Azərbaycan xalqı əsrlər boyu müstəqillik arzusu ilə yaşamış, milli azadlıq uğrunda mübarizə aparmışdır. XX əsrin əvvəlində Azərbaycan torpağında ilk Azərbaycan Demokratik Respublikası yaranmış və öz müstəqilliyini dünyaya elan etmişdir ki, bu dövlət Azərbaycan xalqının çoxəsrlik arzusunun, istəyinin həyata keçirilməsinin ilk addımı idi. Lakin ilk Azərbaycan Demokratik Respublikası çox yaşamamış, 1920-ci il aprelin 28-də süquta yetmiş və həmin dövrdə qurulmuş Sovetlər İttifaqının tərkibində 70 yaşamış, yaratmışdır. Bu dövrdə Azərbaycanın iqtisadiyyatı, xalqın həyat tərzi yüksəlmiş, elm, mədəniyyət inkişaf etmişdir. Azərbaycanda böyük iqtisadi potensial yaranmış, intellektual potensial ölkəmizin bir gün müstəqil dövlət olması üçün böyük zəmin yaratmışdır.

- Yeni bərpa olunmuş dövlət müstəqilliyinin itirilmə təhlükəsi və müstəqilliyi möhkəmləndirən əsas faktor. 1991-ci ilin 18 oktyabr tarixində Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ölkədə daxili vəziyyət və hakimiyyət böhranı yarandı ki, bu da ictimai həyatın bütün sahələrində xaos, hərc-mərcliklə nəticələndi. Erməni təcavüzünün gündən-günə güclənməsi orduda da vəziyyəti ağırlaşdırıdı və ölkədə hakimiyyət boşluğu yaranmışdı. Bunun nəticəsi idi ki, 1993-cü ilin yayında ölkə vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalmışdı. Vətənin belə ağır günündə xalq Heydər Əliyevi Bakıya dəvət etdi və bu dəvəti qəbul edən Heydər Əliyev iyunun 9-da Bakıya gəlişi ilə vətəndaş müharibəsinin qarşısını aldı. Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Heydər Əliyevin həyata keçirdiyi  tədbirlərin nəticəsi olaraq bir tərəfdən, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələrlə 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olundu. 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsinin imzalanması və onun gerçəkləşdirilməsi ilə ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası təmin olundu. Dünyanın nüfuzlu şirkətlərinin, xüsusən böyük neft şirkətlərinin Azərbaycandakı karbohidrogen resurslarının işlənməsinə cəlb olunması dayanıqlı inkişafın əsasını qoydu. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyasının nəticəsidir ki, 30 il ərazində itirilmiş torpaqlarımız 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın başçılığı ilə işğaldan azad edildi. Bu tarixi qələbənin nəticəsidir ki, məhz bu il Azərbaycan xalqı olaraq 18 oktyabr – Müstəqilliyin bərpası gününü qürurla qeyd edəcəyik. Biz artıq bütün dünyaya müstəqil dövlət olduğumuzu sübut etmişik. Müstəqilliyimiz dönməzdir, əbədidir!

 

Əliyeva İmmi

Azərbaycan Texnologiya Universitetinin Turizm sənayesinin təşkili və turizm kafedrasının müəllimi

 

94 dəfə oxunub