Füzuli rayonu- erməni vandalizminin klassik nümunəsi kimi

 

Füzuli rayonu - erməni vandalizminin klassik nümunəsi kimi 

Respublikamızın iri yaşayış məntəqələrindən olan Füzuli rayonu 1970-ci ildə böyük inkişaf yolu keçərək tərəqqi etmiş, sənaye və müasir kənd təsərrüfatı rayonuna çevrilib. Erməni işğalına qədər rayonda pambıqtəmizləmə, yağ-pendir və dəmir-beton məmulatı zavodları, taxıl məhsulları kombinatı, toxuculuq fabriki, daş karxanası, 11 üzüm emalı müəssisəsi, 100-dən çox iri müəssisə və təşkilat, teatr, mədəniyyət evi, kütləvi kitabxana, mərkəzi rayon xəstəxanası və s. var idi. Füzuli rayonunda işğaldan əvvəl 2 şəhər, 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələri mövcud olub. 

Azərbaycan Respublikası Prezidentinin komandanlığı ilə Azərbaycan ordusu tərəfindən 27.09.2020-ci il tarixdən başlayan Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla 62 yaşayış məntəqəsi işğaldan azad edilib. Füzuli şəhəri şanlı qələbəmizin 21-ci günündə işğaldan azad edilib.  Azad olunan ərazilərimizdə bütün binalar, evlər, mənfur düşmən tərəfindən dağıdılıb. İşğal edilmiş torpaqlar və dağıntılar erməni vandalizminin canlı şahidləridir. İşğaldan sonra gördüyümüz tarixi-dini abidələrin, xüsusilə də türbələrin acınacaqlı görkəmi ürək ağrıdır.

Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində həyata keçirdiyi  ən əhəmiyyətli döyüşlərdən biri olub. 17 oktyabr 2020-ci ildə Füzuli şəhəri  ilə yanaşı Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı, Cuvarlı kəndləri də  işğaldan tam azad olunmuşdur. Məhz bu uğurlu əməliyyat sayəsində Cəbrayıl və Xocavənd rayonunun bir sıra yaşayış məntəqələri də azad olundu. Füzuli uğrunda gedən döyüşlər Vətən Müharibəsinin ən ağır və həlledici döyüşü hesab olunur. 30 il ərzində düşmənin təmas xəttində qurduğu möhkəm istehkamlar ordumuzun məharət və şücaəti sayəsində darmadağın edildi. Hərbi mütəxəssislərin fikrincə isə Füzuli rayonunun azad edilməsi üçün aylarla vaxt lazım idi. Azərbaycan Ordusu düşmənin dinc əhaliyə qarşı törətdiyi hərbi cinayətlərin qisasını döyüş meydanında alırdı. Böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan ordumuzuz qüdrəti düşmənin öz silahlarını yerə qoyaraq qaçmasına səbəb oldu.

Artıq biz erməni vəhşiliyi izlərinin yox olmasının şahidi oluruq. 2020-ci il noyabrın 16-da İlham Əliyev Füzuli şəhərində Azərbaycan bayrağını qaldırdı. Ölkə rəhbəri Füzuliyə 4 dəfə səfər edib. Bu səfərlər zamanı Füzuli-Şuşa avtomobil yolunun, Füzuli Beynəlxalq Hava Limanının, Horadiz-Ağbənd dəmiryolu xəttinin, Füzuli-Hadrut avtomobil yolunun  təməli qoyulub. “Füzuli” yarımstansiyasının açılışı olub.

Otuz ilə yaxın erməni işğalı altında qalmış Füzuli rayonunun təbii sərvətləri də talan olunub. Ermənilər meşələrdəki ağacları vəhşicəsinə qırıb, yaxud yandıraraq məhv ediblər. Prezident İlham Əliyevin Füzuliyə səfəri zamanı dediyi bu sözlər gələcəyə nikbin nəzərlərlə baxmağa əsas yaradır: “Füzuli və işğaldan azad edilmiş başqa torpaqlarda yaşamış sakinlər bilməlidirlər ki, biz bütün bu yerləri bərpa edəcəyik. Mən demişdim, Füzulidə bir dənə də bina tapılmadı ki, orada Azərbaycan bayrağı ucaldılsın. Amma biz bərpa edəcəyik!”.

Füzuli rayonunda, eləcə də işğaldan azad edilmiş digər rayonlarda erməni hərbi birləşmələrinin təxribatı nəticəsində törədilmiş infrastruktur obyektlərinə, sahibkarlıq subyektlərinə dəyən zərərin müəyyən edilməsi məqsədilə yerli və xarici ekspertlərdən ibarət işçi qrupu yaradılıb.

2020-ci ilin noyabrın 26-da  Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir sıra hərbi qulluqçuları “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müasir tələblərə cavab verən bərpaetmə işləri həyata keçirilir. Ermənilər tərəfindən dağıdılmış və yandırılmış inzibati binalar, sosial obyektlər, tarixi-dini abidələrimiz həmin müddətdə erməni vandalizminin əsirinə çevrilib. Hal-hazırda  bərpa və quruculuq işləri davam etdirilir. Xeyli sayda  xidmət, mədəniyyət obyektləri, inzibati binalar bərpa olunaraq yenidən xalqımızın qayıdışı təmin ediləcək.

İndi işğaldan azad olunan torpaqlarımızda dalğalanan üçrəngli bayrağımızın qarşısında ayaq saxlayıb bu möhtəşəm mənzərəni qürurla seyr edir və Prezidentimizin dediyi sözləri xatırlayırıq: “Füzuli şəhəri işğalçılardan azad edilib. Füzuli şəhərində Azərbaycan bayrağı qaldırılıb. Biz Füzuliyə qayıtmışıq. Ancaq indi yol boyunca dağıdılmış kəndləri və Füzuli şəhərini dağılmış vəziyyətdə görəndə adamın ürəyi ağrıyır. Vəhşilər bizim şəhərimizi nə günə salıblar?! Dağıdıblar, evləri dağıdıblar, bütün infrastrukturu dağıdıblar, bir dənə də salamat bina yoxdur. Bütün dünya görməlidir erməni vəhşiliyi nə deməkdir və bütün dünyaya biz bunu göstərəcəyik”.

Əsədova Gülnarə 

Azərbaycan Texnologiya Universitetinin Turizm sənayesinin təşkili və ekologiya kafedrasının assistenti

83 dəfə oxunub