Qəhrəman Tərtər və Suqovuşan düşmənə göz dağı oldu

Qəhrəman Tərtər və Suqovuşan düşmənə göz dağı oldu

 

44 günlük haqq savaşımızda təkcə igid oğullar deyil, igid şəhərlərimiz və qəsəbələrimiz də vuruşdu, düşmənə göz dağı verdi. Qəhrəman Tərtər kimi! Düşmən dağıtdı, yandırdı, ancaq xalqın qələbə əzmini, Vətən sevgisini söndürə bilmədi. Küllərindən yenidən doğuldu, ayağa qalxdı Tərtər! Bu gün qürurla öz Ali Baş Komandanını qarşılayır - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Tərtər və Bərdə rayonlarında səfərdə oldu. Prezident İlham Əliyevin Bərdə və Tərtər rayonlarına səfəri gözlənilən idi. Çünki elə ay olmur ki, ölkə başçısı regionlarda işlərin gedişatı ilə tanış olmasın. 

Tərtər və Bərdə Vətən müharibəsinin getdiyi 44 gün ərzində ən çox atəşə məruz qalan rayonlar sırasındadır. Xüsusilə Tərtər daimi olaraq erməni təcavüzkarları tərəfindən top və raket atəşinə tutulub. Çoxsaylı evlər dağıdılıb, insanlar qətlə yetirilib. Eləcə də Bərdə rayonuna raket atılması nəticəsində xeyli insan həyatını itirdi, şəhərə böyük ziyan dəydi. Bu yerlərdə olmaq hər bir azərbaycanlını qürurlandırır. 

Tərtərin Talış kəndi strateji əhəmiyyətə malik ərazilərdəndir. Uzun müddət düşmən işğalında olan əraziləri azad etmək düşmənə ağır zərbələrin endirilməsi demək idi. İgid zabit və əsgərlərimiz həmin əraziləri nəzarət altına götürdü və yüksəkliklər düşməndən azad olundu. Bununla da bizim uğurlu irəliləyişlərimiz baş verdi. 

Prezident İlham Əliyev ilk günlərdən Bərdə, Tərtər, Suqovuşan qəsəbəsinin və Talış kəndinin bərpası üçün lazımi tapşırıqlarını verib və həmin ərazilərdə çox mühim tədbirlər həyata keçirilir. İnfrastruktur layihələr davam edir, yollar çəkilir, ərazilər minalardan təmizlənir. Bu ərazilərdə həyatın canlandırlıması üçün tədbirlər görülməkdədir. 

Prezident İlham Əliyev Tərtərin Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yollarının açılışını edib, Talış-Tapqaraqoyunlu Qaşaltı-Naftalan avtomobil yolunun təməlini qoyub. Dövlət başçısı Tərtər rayonunun Talış kəndində və Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaldıb. Azərbaycan Prezidenti Talış kəndində ermənilər tərəfindən dağıdılmış alban-udi və provaslav kilsələrində olub. Prezident İlham Əliyev “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyalarının yenidənqurmadan sonra açılışını edib. Azərbaycan Prezidenti İlham Əliyev Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin "Smerç" raketləri ilə hücumu nəticəsində Tərtər şəhərinin sakini Sahib İsmayılovun dağılmış evinə baxıb və onun yerinə inşa edilən yeni evdə yaradılan şəraitlə tanış olub.
Prezident İlham Əliyev rayon mərkəzində Ermənistan silahlı birləşmələri tərəfindən Tərtər rayonuna müxtəlif tipli reaktiv yaylım atəşi sistemləri və artilleriya qurğularından atılmış mərmilərə baxıb. 

Bərdə Azərbaycanın böyük təsərrüfat və mədəni cəhətdən inkişaf edən rayonlarındandır. Orada peşə məktəblərinin açılması və gələcək bir çox vəzifələrin müəyyənləşdirilməsi göstərir ki, ölkə rəhbəri Bərdənin inkişafında olduqca maraqlıdır. Prezident İlham Əliyev Bərdə Peşə Liseyinin açılışında iştirak edib.  Prezident İlham Əliyev həm Bərdədə, həm də Tərtərdə dağıdılmış ərazilərə baş çəkib, insanlarla görüşüb və özünün xüsusi bəyanatlarını səsləndirib. Bu bəyanatlar ilk növbədə 44 günlük Vətən müharibəsi və əsgərlərimizin qazandığı qələbə ilə bağlı idi. Ölkə rəhbəri bu nailiyyətləri səsləndirməklə düşmənə yeni bir mesaj verdi. Bildirdi ki, biz ərazilərimizi təcavüzkarlardan azad etmişik. Ölkə başçısı bir dövlət rəhbəri olaraq sülhün və əmin-amanlığın tərəfdarı olduğunu bəyan edti. Cənab Prezident İspaniya və digər xarici telekanallara müsahibəsində öz məqsədini dilə gətirib. Deyib ki, biz Ermənistanla qarşılıqlı sülh və dostluq şəraitində yaşamağın tərəfdarıyıq: “Ermənistanın hərbi-siyasi rəhbərliyi bu barədə düşünməlidir. Bununla bağlı müəyyən tədbirlər görülməkdədir, baş nazirlərin müavinləri səviyyəsində kommunikasiyaların bərpası istiqamətində müzakirələr aparılır. İlk növbədə sərhədlər dəqiqləşdirilməli, erməni silahlı birləşmələrinin qalıqları Qarabağdan çəkilməli, Zəngəzur dəhlizinin açılması üçün imkan yaradılmalı və sülh müqaviləsi imzalanmalıdır. Bunlar nəinki Azərbaycan, eləcə də Ermənistan üçün vacibdir. Çünki Ermənistan ağır iqtisadi-siyasi böhran şəraitindədir”.             

 

Mehriban Aslanova 

Azərbaycan Texnologiya Universitetinin Qida mühəndisliyi və ekspertiza  kafedrasının baş müəllimi, texnika üzrə fəlsəfə doktoru

 

7 dəfə oxunub