Türkiyə Azərbaycan qardaşlığı Cənubi Oafqaz regionunda 

Türkiyə Azərbaycan qardaşlığı Cənubi Oafqaz regionunda 

Azərbaycan xalqı tarixən çox müharibələr görüb, bir xalq kimi çox müharibələrdən çıxıb. Ancaq bu müharibələr içərisində bəlkə də ən öndə gedəni və ən şərəflisi 44 günlük  Qarabağ savaşımız olub. Bu savaş bizim bir xalq kimi birliyimizi göstərməklə yanaşı, eyni zamanda dostumuzun kim, düşmənimiz kim olduğunu göstərdi. Biz qardaşımızı bir daha tanıdıq. Belə bir məsəl var: Bir müdrikdən soruşurlar ki, qardaşını tanıyırsanmı? Müdrik adam cavab verir ki, yoldaş olmamışam. Biz 44 dar gündə qardaş türk xalqı ilə yoldaş olduq. Və bir daha əmin olduq ki, biz bir millət iki dövlətik.  

Ali Baş Komandan, cənab İlham Əliyev 44 günlik müharibə dövründə, ondan sonrakı postmüharibə dövründə dəfələrlə öz çıxış və müsahibələrində bu qardaşlığı geniş işıqlandırıb və bu qardaşlığın əbədi və sarsılmaz olduğunu göstərib. Təsadüfi deyil ki, müharibədən sonra Şuşaya gəlmək istəyən nümayəndələrə qəti olaraq yalnız “Əziz qardaşım Rəcəb Tayib Ərdoğan Şuşaya gəldikdən sonra kim istərsə gedə bilər” mesajını vermişdi.

2 oktyabr 2021-ci il tarixində İspaniyanın EFE agentliyinə verdiyi müsahibəsində jurnalistin “Müharibə zamanı Türkiyə sizə dəstək verdi. Rusiya atəşkəs üçün vasitəçi kimi çıxış etdi və sülhməramlıları göndərdi. Fikrinizcə, müharibə regionda güclər balansını dəyişdimi?” sualına İlham Əliyievin cavabı konkret və açıq idi: “Bəli, Türkiyə lap başlanğıcdan bizə dəstək verdi. Biz müharibənin ilk günlərindən verdiyi siyasi və mənəvi dəstəyə görə Türkiyə hökumətinə çox minnətdarıq. İndi isə, müharibə bitdikdən sonra Türkiyə, o cümlədən Rusiya gələcək regional inkişafda və sabitlikdə çox mühüm rol oynayırlar. Bildiyiniz kimi, Rusiya və Türkiyə Qarabağ bölgəsinin Ağdam rayonunda birgə monitorinq mərkəzini yaradıblar. Eyni zamanda, Rusiyanın sülhməramlıları erməni əhalinin yaşadığı yerlərdə sülhün mühafizəsi tədbirlərini görürlər. Beləliklə, artıq yeni reallıqlar yaranıb. Hər bir ölkə həmin reallıqları nəzərə almalıdır. Azərbaycan ilə Ermənistan arasında güclər balansı hələ xeyli il bundan əvvəl dəyişdi. Biz öz potensialımızı, Ermənistanın potensialını bilirdik. Ola bilsin, erməni hökuməti Azərbaycan qarşısında şanssız olduğunu, əraziləri dinc yolla boşaltmadığı təqdirdə ciddi çətinliklərlə üzləşəcəyini real şəkildə qiymətləndirə bilmədi. Düşünürəm ki, bu gün Türkiyə və Rusiya Azərbaycanın iki qonşusu kimi, – yeri gəlmişkən, onlardan biri Ermənistanın qonşusudur, – sabitlik, təhlükəsizlik və gələcək inkişaf sahəsində çox mühüm rol oynayırlar. Yəqin bilirsiniz, bu yaxınlarda iki ölkə prezidentlərinin görüşü oldu. Digər məsələlərlə yanaşı, onlar Ermənistanla Azərbaycan arasında vəziyyəti müzakirə etdilər. Biz hər iki ölkənin rolunu çox müsbət, sabitləşdirici rol kimi dəyərləndiririk. Fikrimcə, bu, yeni regional əməkdaşlıq düsturunun özəyini təşkil edir”.

Cənubi Qafqazın üç dövləti arasında və onların qonşuları – Türkiyə, Rusiya və İranla fəal regional əməkdaşlıq məsələlərindən danışan Prezident bildirdi ki,  biz “3+3” regional əməkdaşlıq platformasına dair Türkiyə Prezidentinin təklifini dəstəklədik: “Ermənistan hələ ki, cavab verməyib. Görürsünüz, Ermənistan yenə də qeyri-konstruktiv mövqe sərgiləyir. Lakin, biz bu təklifi tam dəstəkləyirik. Bu, nəinki müharibədən sonrakı məsələlərə, eləcə də, ümumiyyətlə, bizim bölgədə regional inkişafa xidmət edəcək. Çünki əgər biz regionun altı ölkəsi arasında bu cür əməkdaşlıq formatını yaratmağa müvəffəq olsaq, bu, hər hansı yeni düşmənçilik hərəkətlərinə qarşı əsas zəmanət olacaq. Bu, regional əməkdaşlığın mühüm amilinə çevriləcək və çox fayda gətirəcək. Təkcə, Azərbaycanın güclü təşviq etdiyi kommunikasiyaların açılması sayəsində biz region ölkələri arasında dərhal ticarət dövriyyəsini artıra, on minlərlə iş yeri aça bilərik. Bu, yalnız kommunikasiyaların açılması sayəsində olacaq. Bununla belə, qarşılıqlı ticarəti gücləndirsək, müsbət dinamikaya diqqət yetirsək, regionumuz gərginlik məkanından sabitlik və sülh regionuna çevriləcək”.

Bəli, bu bir daha iki dövlətin dost, əməkdaş, xalqın isə qardaş olmasının bariz nümunəsidir, eyni zamanda Cənubi Qafqazda Türkiyə-Azərbaycan qardaşlığının əməkdaşlığa olan müsbət, danılmaz təsirini özündə əks etdirir.

                         

Mehriban Aslanova

Azərbaycan Texnologiya Universitetinin “Qida mühəndisliyi və ekspertiza” kafedrasının baş müəllimi, texnika üsrə fəlsəfə doktoru                              

 

6 dəfə oxunub