UTECA-da ``Yerli Texnoloji Startapların İnkişafının Təşviqi” layihəsinin görüşü keçirilib

UTECA-da "Yerli Texnoloji Startapların İnkişafının Təşviqi” layihəsinin görüşü keçirilib

Bugün Azərbaycan Texnologiya Universitetində (UTECA) Asiya İnkişaf Bankının maliyyələşdirdiyi “Yerli Texnoloji Startapların İnkişafının Təşviqi” layihəsi çərçivəsində növbəti görüş baş tutub. 

Görüşdə UTECA-nın rektor əvəzi  Yaşar Ömərov, Asiya İnkişaf Bankından layihənin rəhbəri Səbinə Cəfərova, almaniyalı ekspert, Steinbeis şikətinin direktoru Jürgen Raizner, layihələrin idarə olunması ofisinin əməkdaşı Afaq Cavadova, yerli ekspert Turan Süleymanov və layihənin UTECA üzrə koordinatoru Seymur Sadıxov iştirak edib. 

Yaşar Ömərov qonaqlara universitetdə biznes, startap, inkubasiya və innovasiya məsələri ilə bağlı mövcud vəziyyət barədə məlumat verib. Bildirib ki, Azərbaycan Texnologiya Universiteti sözügedən layihənin icrasında maraqlıdır və bu əməkdaşlıq xüsusilə də bölgə tələbələrinin startap potensialının üzə çıxarılması baxımından münbit şərait yaradacaq.

Səbinə Cəfərova Asiya İnkişaf Bankının fəaliyyəti, regionlarda innovasiya və startap ekosisteminin yaradılması və inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. Həmçinin adıçəkilən fəaliyyətlərdə müxtəlif dövlət qurumlarının, şirkətlərin və universitetlərin səylərinin birləşdirilməsinin vacibliyini vurğulayıb.

Almaniyadan olan ekspert Jürgen Raizner isə Avropada bu təcrübənin mahiyyətindən, startap, sənaye və universitet əməkdaşlığının əhəmiyyətindən bəhs edib: "Layihə çərçivəsində təhsilalanların startaplar haqqında məlumatlılıq səviyyəsi öyrəniləcək, startapların idarə olunması ilə bağlı təlimlər veriləcək, universitet strategiyasının innovasiyalar və startaplar baxımından təhlili imkanı yaranacaq, informasiya transferi təmin olunacaq və ən nəhayət universitetin startaplarla bağlı yerli və beynəlxalq əlaqələri genişlənəcək".

Sonda Avropa təcrübəsinin Texnologiya Universitetində yerli şəraitə uyğunlaşdırılmış formada tətbiqilə bağlı strateji planın hazırlanmasına dair detallar müzakirə edilib.

87 dəfə oxunub