“Azərbaycanda Rektorlar Konfransı” Erasmus+ layihəsinin təqdimatı keçirilib

“Azərbaycanda Rektorlar Konfransı” Erasmus+ layihəsinin təqdimatı keçirilib

Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və Bakı Biznes Universitetinin koordinatorluq etdiyi “Azərbaycanda Rektorlar Konfransı” Erasmus+ layihəsinin təqdimatı keçirilib.

4-6 may 2021-ci il tarixlərində Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və Bakı Biznes Universitetinin koordinatorluq etdiyi “Azərbaycanda Rektorlar Konfransı” (ECAR) Erasmus+ layihəsinin onlayn formatda təqdimat mərasimi keçirilib. Layihənin əsas məqsədi Azərbaycanda Rektorlar Konfransının yaradılması və bununla da universitetlər və digər tərəfdaşlar arasında sıx əməkdaşlığın yaradılmasına və inkişaf etdirilməsinə nail olmaq, ali məktəblərinin beynəlxalq aləmdə təmsil olunmasına zəmin yaratmaqdır. ECAR milli layihə olmaqla təhsilin beynəlmilliləşməsi, həmçinin rəqəmsal və innovativ iqtisadiyyatda ali təhsil müəssisələrinin rolunu artırmaq məqsədilə universitetlərarası əlaqələrin təmin olunmasına dəstək verəcək.

Azərbaycan Texnologiya Universitetinin də partnyor olduğu bu layihənin təqdimat mərasimində Tədris işləri üzrə prorektor Vüqar İsmayılov, Keyfiyyət təminatı və audit şöbəsinin müdiri Mətləb Əliyev, Elm və xarici əlaqələr mərkəzinin əməkdaşları iştirak ediblər.

Eyni zamanda, tədbirdə Təhsil Nazirliyinin rəhbərliyi, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbərliyi, Magna Charta müşahidə qrupu, Avropa Universitetləri Birliyi, Fransa Beynəlxalq Təhsil Mərkəzi, Belçikanın Avropa İdarəetmə İnkişafı Qurumu, Erasmus+ Azərbaycan ofisinin rəhbərliyi, Təhsil Nazirliyinin Keyfiyyət Təminatı Agentliyi, İspaniya, Polşa, Fransa, Portuqaliya, Litva, Finlandiya Rektorlar Konfransının rəhbərliyi və səlahiyyətli nümayəndələri, ölkəmizdə akreditə olunmuş ABŞ, Polşa, Fransa, Litva səfirliklərinin fövqəladə və səlahiyyətli səfirləri və nümayəndələri, layihə konsorsiumunun üzvləri olan İsveçin Kral Texnologiya İnstitutu, Litvanın Mikolas Romeris Universitetinin professor-müəllim heyəti, Azərbaycanın 15 universitetinin rektorları və rəhbər şəxsləri, eləcə də digər nüfuzlu mötəbər qonaqlar iştirak ediblər.
Görüşdə Avropa Universitetlər Birliyinin, Polşa, Finlandiya, Litva, Portuqaliya və İspaniya Rektorlar Konfransının nümayəndələri də Rektorlar Konfransına dair faydalı fikirlərini və Avropa təcrübələrini bölüşüblər. Bundan başqa, 3 il müddətində layihə çərçivəsində görüləcək işlər və layihənin gözlənilən faydaları barədə ətraflı məlumat verilib, layihənin ilk 6 aylıq fəaliyyət planı müzakirə edilib.

123 dəfə oxunub