“Söz mülkünün sultanı” adlı vebinar keçirilib

“Söz mülkünün sultanı” adlı vebinar keçirilib

Azərbaycan Texnologiya Universitetində “Nizami ili”nə həsr edilmiş silsilə tədbirlər davam edir. Bu dəfə universitetinin İctimai elmlər və multikulturalizm kafedrasının təşkilatçılığı ilə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr edilmiş “Söz mülkünün sultanı” adlı vebinar keçirilib. Tədbiri giriş sözü ilə açan İctimai elmlər və multikulturalizm kafedrasının baş müəllimi Zəminə Novruzova dahi şairin həyatı və xalqımızın mənəviyyatının ayrılmaz bir hissəsinə çevrilmiş parlaq irsi haqqında məlumat verib. Bildirib ki, Nizami şair olmaqla yanaşı yaşadığı dövrün tələbləri əsasında bir çox elm sahələri ilə maraqlanıb, sinkretik zəka sahibi olub: – “Əsərlərini oxuyanda düşünürsən ki, bu misraların müəllifi dövrünün görkəmli alimi olmuş, elmi ideyalarını gözəl poetik dillə ifadə etmişdir”. 

Kafedranın baş müəllimi Səlminə Abbasova “Nizaminin ana dili” mövzusunda, baş müəllim Mətanət Mustafayeva “Nizami Gəncəvi və türkçülük” mövzusunda, dosent Mehriban Tağıyevanın hazırladığı tələbə Şəlalə Kazımova isə (Turizm işinin təşkili ixtisası – qrup 2220 a1) “Nizami Gəncəvi yaradıcılığında multikultural ovqat” mövzusunda çıxışlar ediblər. 

Ardınca Nizami Gəncəvi məqbərəsini ziyarət edən kafedra əməkdaşlarının və universitetin tələbələrinin iştirakı ilə hazırlanmış videoşarx izlənilib. 

Sonra Samir Cəfərovun düşmən tapdağından azad edilmiş torpaqlarımızda ifa etdiyi, Üzeyir Hacıbəyovun Dahi Nizaminin sözlərinə yazılmış romansı səsləndirilib. 

Sonda çıxış üçün söz alan  iştirakçılar bu kimi maarifləndirici tədbirlərin gənclərin dünyagörüşünün formalaşmasında və milli-mənəvi dəyərlərimizin təbliğində böyük  əhəmiyyətə malik  olduğunu qeyd ediblər. 

 

 

 

 

 

 

 

87 dəfə oxunub