Gərək nəbzin Vətənin nəbzilə döyünsün!

Gərək nəbzin Vətənin nəbzilə döyünsün!

Dövlət qurmaq, dövlətçilik ideyalarını həyata keçirmək və  bu prosesin dönməzliyini təmin etmək bir xalqa göstərilə biləcək ən böyük xidmətdir. Optimal dövlət modeli yaratmağın əsas yolu  onun gələcək maraqlarının da nəzərə alınaraq ideoloji, siyasi və iqtisadi əsaslarının formalaşdırılmasından keçir. Müstəqil bir dövlət o zaman yaranır, möhkəmlənir və davamlı inkişaf yoluna qədəm qoyur ki, tarixi-siyasi səbəblərdən başqa xalqı həmin dövlət ətrafında birləşdirəcək güclü bir ideya olsun. Müstəqilliyimizin ilk illərinin Azərbaycan xalqı üçün çox ağır bir dövr olduğu hamıya məlumdur. Bunun  əsas səbəbi isə 1991-1993-cü illərdə yeni yaradılmış dövlətdə siyasi hadisələrə düzgün qiymət verilməməsi, gələcəyi görə bilməmək, vəziyyətdən çıxış yolunun tapılması qarşısında aciz qalınması idi. Bu zaman xalq haqlı olaraq hələ 70-80-ci illərdən ölkənin inkişafı istiqamətində atdığı qətiyyətli addımlardan yaxşı tanıdığı, geniş dünyagörüşə, dərin zəkaya, ensiklopedik biliyə  malik tarixi şəxsiyyətin – Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişini təkidlə tələb etdi. Xalqın müraciətlərini və dövlətin durumunu nəzərə alaraq umummilli lider 1993-cü ilin  iyununda  Bakıya döndü. Həm xalqın istəyi, həm də tarixi zərurət kimi tarixə düşən bu qayıdış  insanların inam hissini artırdı. Çünki Azərbaycan xalqı Ulu Öndəri sovet dövrünün rəsmi ideoloji basqılarına baxmayaraq öz Vətənində milli şüurun yüksəldilməsi üçün atdığı qətiyyətli və ardıcıl addımlardan yaxşı tanıyırdı. Bu qayıdışla Azərbaycanın tarixində yeni bir inkişaf mərhələsi başladı. 

Ulu öndər hər zaman öz çıxışlarında dilimizin saflığının, zənginliyinin qorunmasının nə qədər vacib olduğunu deyirdi. Bir dilin dövlət dili statusu alması şübhəsiz ki, hər bir dövlətin formalaşması ilə bağlıdır. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə Azərbaycan dilinin qarşısında böyük imkanlar açıldı. Gənc respublikanın ömrünün qısa olması Azərbaycan dilinin cəmiyyətdə dövlət dili kimi mövqeyinin  bərqərar edilməsinə imkan vermədi. Sonrakı dövrlərdə dövlət dili haqqında Konstitusiyada  heç bir məlumat olmamışdır. Bütün maneələrə baxmayaraq Ulu Öndər  1978-ci ildə qəbul edilən konstitusiyaya Azərbaycan dilinin dövlət dili olması barədə müddəanın daxil edilməsinə müyəssər oldu.

Müstəqil Azərbaycan  Respublikası 1995-ci il noyabrın 12-də referendum yolu ilə öz mövqeyini nümayiş etdirərək Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması müddəasına tərəfdar olduğunu bildirdi. Ana dilimizə qarşı edilmiş haqsızlıq aradan qaldırıldı, cəmiyyətdəki mövqeyi tam bərpa edildi.       

Dövlət dili anlayışı əslində dərin bir anlayışdır. Ümummilli Lider bu ifadəni strateji məqsədlə işlədirdi. Həqiqətən Azərbaycan müstəqil dövlət olduqdan sonra bu strateji məqsəd həyata keçdi. Xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur. Buna görə də bütün mütəxəssislərin qarşısına konkret vəzifələr qoyulurdu. Yazılı və şifahi dil arasında yaxınlaşmağa nail olunması sabitləşmiş normalara malik dilin formalaşmasında mühüm amil olduğuna görə nitq mədəniyyətinin inkişaf etdirilməsi zəruri bir məsələ kimi qarşıda dururdu. Nitq mədəniyyəti varsa, nitq etiketləri də var. Nitq mədəniyyəti varsa, yazılı və şifahi dilin normaları da var. Haqlı olaraq  dövlət dilinin formalaşmasında nitq mədəniyyəti onun əsas təməli hesab edilir. Heydər Əliyev dili xalqın böyük sərvəti adlandırır, onu insanlar arasında əsas ünsiyyət vasitəsi olması fikri ilə məhdudlaşdırmır, dilin funksiyasının məsafədən-məsafəyə, nəsildən-nəsilə informasiya vermək olduğu tərifini verir – “ Mədəniyyət və elmin səviyyəsi yüksəldikcə, həyatın axarı sürətləndikcə, dilin təkmilləşməsinə, inkişaf etməsinə və zənginləşməsinə, onun söz ehtiyatının genişlənməsinə daha çox qayğı göstərmək lazımdır. Azərbaycan ədəbi dilinin saflığına, kütlələrin nitq mədəniyyətinə daim qayğı göstərilməlidir. Çünki, hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan onun dilidir”. 

Heydər Əliyev hər zaman ana dilimizə, müqəddəs Azərbaycan dilinə böyük hörmətlə yanaşmış və ona biganə yanaşmağın, etinasız qalmağın, xüsusən də onun adının kimsə tərəfindən dəyişdirilməsinin qətiyyən yolverilməz olduğunu göstərmişdir.

Ümummilli Liderin ikinci dəfə xalqın təkidi ilə Azərbaycana rəhbərlik üçün dəvət edilməsi elə bir zamana təsadüf edirdi ki, burada təkcə ədəbiyyat, dil, mədəniyyət məsələlərinin həll edilməsi ilə kifayətlənmək olmazdı. Siyasi islahatlara start verməyin vacibliyi  qarşıda duran ən mühüm və zəruri məsələlərdən biri, bəlkə də birincisi idi. Bu səbəbdən də  Konstitusiyadan irəli gələn vəzifələrə xidmətini təmin etmək şərti ilə dövlətin müstəsna səlahiyyətləri çərçivəsində ordu quruculuğuna dövlət rəhbərliyi təmin edildi. Ordunun maddi-texniki bazası təkmilləşdirildi, ehtiyaclarının vaxtlı-vaxtında aradan qaldırılması üçün dövlətin bütün orqanlarının cavabdehliyi artırıldı. Hələ 1971-ci ildə Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradılmasına nail olmuşdu ki, bu da dahi şəxsiyyətin uzaqgörənliyindən irəli gəlirdi. Hansı ki, Qarabağ döyüşlərində vuruşan Azərbaycan zabitlərinin 80%-ə qədəri həmin liseyin yetirmələri idi. Elə müstəqillik illərində də ordunun qurulması prosesində bu il 50 illiyini qeyd edəcəyimiz bu hərbi məktəbin rolunu danmaq olmaz.  Hər zaman çıxışlarında güclü ordu üçün güclü iqtisadiyyatın lazım olduğu məsələsini ön plana çəkən Ulu Öndər ölkə iqtisadiyyatının yenidən qurulması, neft  sektorunun inkişaf etdirilməsi, xarici investisiyaların ölkəyə cəlb edilməsi kimi iqtisadi islahatlara start verdi. İqtisadiyyatın yaxşılaşması ilə Azərbaycan ordusu yeni silahlarla, hərbi texnika ilə təmin edildi, müdafiə imkanları və döyüş qabiliyyəti gücləndirildi. Bütün  bunlarla yanaşı xalqın orduya doğma münasibətinin, onu qayğı ilə əhatə etməsinin Milli Ordumuz üçün əsas  güc mənbəyi olduğunu unutmaq olmaz. Ümummilli Lider hər zaman çıxışlarında hərbi peşənin ən gərəkli peşə olduğunu, Milli Ordunun zabitinə, əsgərinə hörmət və ehtiramın vacibliyini dilə gətirirdi. Bəlkə də elə bu səbəbdən Azərbaycan Ordusu belə uğurla formalaşa bildi. 

Vətən müharibəsi bütün xalqın, hər bir vətəndaşın öz şərəf və namusunu qoruması üçün aparılan müharibədir.  Bunun üçün də insanın daxilində vətənpərvərlik hissi olmalı, xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir.  Nəbzi Vətənin nəbzi ilə döyünməyən, mənəviyyat yoxsulu olan xalq heç vaxt öz ordusu ilə bir yerdə ola bilməz. Biz xalq-ordu birliyinin nə qədər əhəmiyyətli olduğuna 44 günlük Vətən müharibəsində bir daha şahid olduq. Körpə uşaqdan tutmuş ahıl insanlara qədər, hamı bir nəfər kimi Azərbaycan əsgərinin yanında oldu. Yaralı əsgərlərimizin, zabitlərimizin bir arzusu var idi ki, haqlı savaşlarının davamı üçün tezliklə sağalıb yenidən döyüş bölgələrinə getsinlər. Bu iradə, qətiyyət və dövlət- xalq-ordu birliyi sayəsində bu gün bayrağımız 30 ilə yaxın həsrət qaldığımız əbədi və əzəli torpaqlarımızda,  o cümlədən  Azərbaycanın tarixi mədəniyyət mərkəzi Qarabağın baş tacı və hərbi strateji əhəmiyyətə malik qədim şəhərimiz Şuşada dalğalanır. Ümummilli Liderin siyasi xəttini qətiyyətlə davam etdirən Ali Baş Komandan Prezident İlham Əliyev müstəqil dövlətimizin  tarixinə qürurverici səhifələr yazdı və dövlət-xalq-ordu birliyi sayəsində bundan sonra da yazacaqdır.  

Zəminə Novruzova 

UTECA-nın İctimai elmlər və multikulturalizm kafedrasının baş müəllimi 

199 dəfə oxunub