Ulu Öndər Heydər Əliyevin siyasi irsi daim öyrənilməli və təşviq olunmalıdır

Ulu öndər Heydər Əliyevin siyasi irsi daim öyrənilməli və təşviq olunmalıdır

 

Misilsiz xidmətlərilə tarixdə əbədiyaşar  mövqe qazanmış ulu öndər Heydər Əliyev dünya siyasətinin ən öndə gedən şəxsiyyətləri arasında özünə məxsus yer tutur. Onun siyasi kursu, uzaqgörənliyi, Azərbaycanın  daimi inkişafına  hesablanmış ideyaları yarım əsrdən artıqdır ki, xalqımızın gələcəyinə işıq tutur. 

46 yaşından Azərbaycana rəhbərlik edən Heydər Əliyev  hər zaman xalqımızın ən çətin vaxtlarında  bu missiyanı üzərinə götürmüşdür. 1969-1982-ci illər Azərbaycan üçün çətin keçən sınaq dövrlərindən biri idi. Gələcəyi əvvəlcədən hesablayan dahi şəxsiyyətin  xalqı üçün etdiyi böyük xidmətlər sayəsində keçən əsrin 70-80-ci illəri  ölkəmizin tarixində əsaslı dönüş nöqtəsi olmuşdur. Yeraltı və yerüstü sərvətlərlə zəngin olmasına baxmayaraq, o vaxta kimi Azərbaycan adlı Respublika nəinki dünya, hətta ittifaq miqyasında belə o qədər də tanınmırdı. Məhz Heydər Əliyevin Respublika rəhbəri təyin edilməsi ilə Azərbaycanın tarixində sürətli inkişaf dövrü başlayıb. Qısa vaxt ərzində onun təşəbbüsü ilə mühüm sənaye müəssisələri Azərbaycanın şəhərlərində inşa edilib, təsərrüfat, elm və təhsil sahələrində qətiyyətli islahatlar həyata keçirilib.

Daha bir çətin dövrdə 1993-cü ildə yenidən xalqının köməyinə gələn Ulu Öndərin  həyata keçirdiyi siyasət onun həqiqətən fenomen şəxsiyyət,  tarixdə öz yeri olan siyasətçi, xalqının xilaskarı olduğunu sübut etdi. Azərbaycanın tarixində  siyasi hakimiyyətin əvvəlkindən  tamamilə fərqli, həlledici bir dövrü başlandı. Bu illər elə mürəkkəb dövr idi ki, ölkədə anarxiya, xaos baş alıb gedir, sərhəd bölgələrimiz təcavüzkar Ermənistan tərəfindən işğala məruz qalırdı. İqtisadiyyatı dağılmış, ordusunu yaratmağa macal tapmamış bir ölkəyə rəhbərlik etmək, sözün həqiqi mənasında, böyük məsuliyyət və hətta qəhrəmanlıq gərəkdirirdi.   Məhz Heydər Əliyev ölkəni belə bir  çətinlikdən, dağılmaq təhlükəsindən qurtara bilərdi. Onun siyasəti nəinki ölkəni dağılmaq təhlükəsindən qurtarmağa yetdi, həmçinin müstəqilliyimizi qoruyub saxlamağa, hətta iqtisadi inkişafa, dünyada tanınmağa, siyasi gücə, birliyə, dost ölkələr qazanmağa, yeni, daha qüdrətli, suverən, qazandığı müstəqilliyi qoruyub saxlaya bilən Azərbaycanı yaşatmağa  zəmin yaratdı.

Heydər Əliyevin siyasi gücünü görmək üçün Azərbaycanın keçdiyi 50 illik bir həyat yoluna təkrar-təkrar  nəzər salınmalıdır. O zaman biz hər dəfə bu siyasətdə daha bir yenilik kəşf edə bilərik. 

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin bu siyasətin davamı olaraq həyata keçirdiyi siyasi kurs da məhz ölkəmizin siyasi və iqtisadi davamlılığına hesablanmışdır. 

İlham Əliyevin siyasi gücü isə Azərbaycanın bütün sahələrdə inkişafı ilə yanaşı, xalqımızın 30  illik həsrətinə son qoyaraq, yaralarına məlhəm oldu. Cənab prezidentin 44 günlük Vətən müharibəsində göstərdiyi siyasi iradə, hərbi güc,  xalqın  birliyi Azərbaycanı   bütün dünyaya bir daha tanıtdı. Bu dəfə biz iqtisadi gücümüzlə yanaşı, hərbi gücümüzlə də dünyanın diqqət mərkəzində oduq.  

Ulu öndərin siyasi kursunun davamını ona layiq şəkildə davam etdirən Ali Baş Komandan İlham Əliyev bu gün dünyanın tanınan liderləri arasındadır.   Cənab prezidentin səbrli, uzaqgörən, qorxmaz siyasəti Azərbaycan xalqına illərdir gözlədiyi qələbə sevincini yaşatdı. İllərdir hər tədbirdə, hər bayramda, bütün  duamızda, bütün arzularımızda yer alan və uzun sürən həsrətdən sonra hər birimizin qəlbini sözlə ifadə edə bilməyəcək qədər sevinclə, fərəhlə, qürurla dolduran, 27 il idi ki, harda yaşamağımızdan asılı olmayaraq hər birimizin döyünən ürəyinə çevrilən Qarabağın işğaldan azad olunması Azərbaycanı sanki o günlərdə dünyanın mərkəzinə çevirdi. Qarabağ azərbaycanlıyam deyən hər bir kəsin qəlbində illərdir ki, sağalmaz bir yaraydı. Qarabağ deyəndə sızlamayan bir azərbaycanlı ürəyi yox idi. Biz bu sevinci yaşayacağımıza əlbəttə ki,  hər zaman inamlıydıq. Düzdür, insanların bu həyatda yaşadığı müddətcə öz həyatları, yaşamları ilə bağlı problemləri olur, ancaq bütün bunlardan əlavə hər birimizin çiyinlərində gözə görünməyən, altında əzildiyimiz bir yük var idi. Bu yük  işğalda olan torpaqlar, qanı yerdə qalan insanlar, doğmalarından uzaq  düşən Vətən parçası idi.  Bu ağır yük hər birimizin içində yığılıb qalan hıçqırıqlar idi. Amma 44 günlük Vətən müharibəsi, bir-birinin ardından aldığımız qələbə xəbərləri, cənab Ali Baş Komandan İlham Əliyevin hər çıxışı bizim içimizdəki o gizli hıçqırıqları sevinc göz yaşlarına döndərərək özümüzdən ixtiyarsız axmasına səbəb oldu. Nəhayətdə isə  Azərbaycan xalqı elə bir qələbə yaşadı ki,  bu sevinc, bu iftixar bizə illərlə stimul verməyə  kifayətdir. Əlbəttə ki, ulu öndərin siyasi kursu və bu siyasətin İlham Əliyev tərəfindən uğurlu davamı bizlərə daha böyük qələbələr qazanmağı, sabahın daha güclü, daha qüdrətli Azərbaycanında yaşamağı nəsib edəcəkdir. 

Ulduz Babayeva

Qida mühəndisliyi və ekspertiza kafedrasının dosent əvəzi, t.f.d. 

1263 dəfə oxunub