Azərbaycan müttəfiqləri ilə hər zaman səmimidir

Azərbaycan müttəfiqləri ilə hər zaman səmimidir

            Siyasi və coğrafi cəhətdən vacib müstəvidə yerləşən Azərbaycan 80-ci illərin sonunda, 90-cı illərin əvvəllərində baş verən hadisələrdən dolayı, 18 oktyabr 1991-ci ildə öz müstəqilliyini elan etdikdən sonra milli dövlətçilik prinsiplərinə uyğun olan yeni xarici siyasət kursunun formalaşmasını və reallaşdırılmasını ön plana çəkdi. 2 mart 1992-ci ildə qısa müddətə bir sıra dünya ölkələri tərəfindən tanındıqdan sonra BMT üzvlüyünə qəbul olundu. Bu tarix bir çox ölkələrlə Azərbaycanın diplomatik münasibətlərinin yaranması səbəbindən onun dünya çapında sistemli inteqrasiyasının başlanğıcı sayıla bilər.

               İkitərəfli və çoxtərəfli siyasi münasibətlərin tənzimlənməsi iqtisadi və mədəni əlaqələrin də inkişafına zəmin yaratdı. Qarşılıqlı faydalı iqtisadi əməkdaşlıq siyasi maraqların,  münasibətlərin dərinləşməsində, qarşılıqlı etimadın gücləndirilməsində mühüm rol oynayır. Bu baxımdan Xəzərin Azərbaycan sektorundakı neft yataqlarının istismarı üçün 20 sentyabr 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" Azərbaycanın dünyanın digər ölkələri ilə ikitərəfli əlaqələrinin genişləndirilməsi, möhkəmlənməsi üçün güclü bir təkan oldu.
               Azərbaycanı keçmiş Sovet respublikalarından bir çox parametrlərə görə fərqləndirmək mümkündür. Konkret olaraq xarici siyasətə gəldikdə isə qeyd etmək olar ki, ölkəmizdə ötən beş ildə sabiq müttəfiq respublikalardan fərqli olaraq xarici siyasətin effektiv formada qurulması və nümayiş etdirilməsi üçün daxildə mövcud ola biləcək bütün əngəllər aradan qaldırılmışdır. Tarixən Azərbaycan həmişə Şərq və Qərb arasında bir körpü olmuşdur. Bu da öz növbəsində qonşu ölkələr arasında mədəniyyətin inkişafına təsir etmişdir. Digər tərəfdən, Azərbaycan ənənələrini inkişaf etdirmiş misilsiz bir ölkə və tolerantlığın, ahəngdar milli-etnik münasibətlərin xüsusi modeli olan dövlətdir. 
               Yuxarıda göstərilənlərlə yanaşı Qərb ölkələri ilə əlaqələr də xarici siyasətimizdə ən vacib yerlərdən birini tutur. Ölkəmiz ABŞ ilə əlaqələrə də böyük önəm verir. Azərbaycan ərazi bütövlüyü və müstəqilliyini qorumaq, təhlükəsizliyini gücləndirmək naminə bu əlaqələrin daha da inkişaf etdirilməsində maraqlıdır. Bu münasibətlərin iqtisadi və siyasi cəhətdən inkişafı bir təkan kimi xidmət edərək Azərbaycanın tərəqqisi, Xəzərdə neft və qaz layihələrinin həyata keçirilməsi, Şərqlə Qərbi birləşdirən trans-regional koridorun yaradılması ölkəmizin qlobal iqtisadi sistemə inteqrasiyasının əsas elementi kimi çıxış edir. Dünyada müşahidə olunan son tendensiyaların ortaya çıxması, beynəlxalq təhlükəsizliyi pozan yeni təhdidlər Azərbaycan ilə ABŞ arasında əməkdaşlığın gücləndirilməsinə tələbi artırır. Azərbay,can ABŞ-ın bölgədəki vacib müttəfiqi kimi bu strateji əlaqələri inkişaf etdirməyə davam edir. 
               Azərbaycanın Qərbi Avropa ölkələri ilə, o cümlədən İsrail ilə münasibətləri də xüsusi əhəmiyyət kəsb edir. Bu əlaqələrin inkişafının həyata keçirilməsində həm dövlət, həm də özəl sektorda köklü islahatların aparılması, müasir bazar iqtisadiyyatı və xarici investisiyaların cəlb edilməsi müsbət təsir göstərir. Qeyd etmək lazımdır ki, Qərbi Avropa ölkələri Azərbaycan üçün əsas ixrac bazarı kimi çıxış edirlər. 
               Azərbaycan ölkələrlə faydalı əməkdaşlıqdan bəhrələnir. Çin və Yaponiya kimi inkişaf etmiş ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi İpək Yolu layihəsini həyata keçirmək üçün Azərbaycanın qəti addım atmasına vacib təsir göstərdi. Çinin Avrasiyadakı mövqeyinin möhkəmlənməsi Azərbaycan və Çin arasındakı münasibətlərin intensivliyini artırdı.  Yaponiyanın iqtisadi layihələrdə fəal iştirakı Azərbaycanla ikitərəfli münasibətlərin daha da dərinləşməsində qarşılıqlı maraq oyatmaqla zəngin potensialını açmaq üçün münbit bir zəmin yaratdı.
               Cənub-Şərqdə yeni iqtisadi və siyasi güc mərkəzlərinin meydana gəlməsi Azərbaycanın Cənubi Asiyada xarici siyasətinin bu istiqamətdə marağının artmasına kömək etdi. Burada Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini tam dəstəkləyən Türkiyə və Pakistanı da qeyd etmək lazımdır. 
               Hesab edirəm ki, Azərbaycan müttəfiqləri ilə münasibətlərdə verdiyi sözün arxasında durmaqla, sözü ilə əməlinin üst-üstə düşməsi ilə onların etibarını qazanıb. 
               Səmimiyyət bir mənəvi keyfiyyət, böyük dəyərdir. Səmimiyyət hörmət və həqiqətə bağlılıqdır, digər ölkələrlə və hətta ölkə daxilində münasibətlərimizdə vacib bir dəyər kimi qəbul edilir. Əlavə olaraq, səmimi olmaqla özümüzə inam yaradır və dürüstlüyümüzü nümayiş etdiririk. Dürüstlük və səmimiyyət ölkələr arasında etibarlı və uğurlu əlaqəni təmin edir. 
               Beləliklə, Azərbaycan Respublikası müvəffəqiyyətli, taraz və balanslaşdırıl­mış xarici siyasət apararaq ölkəmizin qlobal miqyasda mövqeyini gücləndirməyə çalışır, eyni zamanda onu Xəzərdə - Qafqaz bölgəsində ən vacib ölkəyə çevirmək, Azərbaycan xalqının xoşbəxt gələcəyini, onun təhlükəsizliyini təmin edən xarici mühitin yaradılmasına və onun qorunmasına nail olmağa çalışır.
 
Mətanət Əhmədova

Azərbaycan Texnologiya Universiteti üzrə 
Ərazi İlk Partiyanın Qadınlar Şurasının sədri

205 dəfə oxunub