images

 

Azərbaycan Texnologiya Universitetinə (UTECA) Göygöl Təhsil Mərkəzinin şagirdlərinin ekskursiyası təşkil edilib. Əvvəlcə mərkəzin Göygöl və Balçılı filiallarının 70-dən çox şagirdi, günün ikinci yarısında isə Gəncə və Şəmkir filiallarının 70 nəfərlik heyəti UTECA ilə tanış olub.
 

Əvvəlcə şagirdlərə UTECA Şəhidlərinin abidəsi önündə universitetin tarixi, şəhid məzunları, eləcə də fəxri məzunları və s. haqda ətraflı məlumat verilib. Daha sonra şagirdlər qruplara bölünərək universitetin ayırdığı qrup rəhbərləri ilə fakültələrdə fəaliyyət göstərən laboratoriya, mərkəz və auditoriyalarları gəzibər.
 

Qida mühəndisliyi fakültəsində qida məhsullarının istehsal texnologiyası, qida məhsullarının keyfiyyətinə texniki-kimyəvi nəzarət laboratoriyaları, Yüngül sənaye və logistika fakültəsində təsviri incəsənət, rəngkarlıq, rəsm auditoriyaları, eləcə də Logistika Mərkəzi (Port of Baku), Avtomatika, telekommunikasiya, informatika fakültəsində USAİD, ATİ laboratoriyaları, İqtisadiyyat və idarəetmə fakültəsində şəhid məzunların adını daşıyan auditoriyalar ilə yaxından tanış olan şagirdlərə UTECA ixtisasları, ixtisasların aktuallığı və ölkə üçün əhəmiyyəti, son illər üzrə müsabiqə və keçid balları barədə geniş məlumatlar verilib.
 

Koreya Mərkəzi, İmtahanların həyata keçirildiyi kompyuter zalları, tələbə startapları, eləcə də “TEKNOFEST Azərbaycan” festivalının Robotexnika müsabiqəsində finala qədər yüksələn Rosol (Robot solider) – minaaxtaran və zərərsizləşdirən robot əsgər layihəsi, İdman zalı – tennis, şahmat, trenajor otaqları şagirdlərin marağna səbəb olub.
 

Sonda məktəblilərlə Akt zalında görüş keçirilib. Görüşdə şagirdlərlə elmi katib dos. Mətanət Əhmədova, UTECA Tələbə Gənclər Təşkilatı nümayəndələri, eləcə də aktiv tələbələr həmsöhbət olublar. M.Əhmədova rektor prof. Akif Suleymanov adından salamlayaraq dövlətin təhsilin inkişafına qayğısından, UTECA-da tədrisin keyfiyyətinin yaxşılaşdırılması üçün görülən işlərdən, universitet-sənaye əlaqələrindən danışıb. Tələbələr tədris prosesi, imtahan sessiyaları, müasir müəssisələrdə təcrübə imkanları, startap komandalarında fəaliyyətləri barədə məlumat verərək şagirdlər tərəfindən ünvanlanan sualları cavablandırıblar.
 

Görüş zamanı şagirdlər onları maraqlandıran istiqamətlər və ixtisaslara dair sorğuda iştirak edərək blank doldurublar.