images

Azərbaycan Texnologiya Universitetində (UTECA) “İnsan hüquqları aylığı” çərçivəsində tədbir keçirilib. UTECA, Ombudsmanın Gəncə Regional Mərkəzi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutan tədbir insan hüquqlarına dair maarifləndirmə məqsədilə reallaşıb.

Tədbirdə UTECA rektorunun tədris və sənaye üzrə müşaviri Aqil Eyvazov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov, Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Yadigar Bədəlov, Gəncə şəhər Veteranlar təşkilatının sədri Yusif Məmmədov, Gəncə Regional Ədliyyə İdarəsinin rəis müavini Samir Cəfərov, Gəncə Şəhər Kəpəz Bələdiyyəsinin sədr müavini Rufanə Əliyeva, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Gəncə bölgəsinin nümayəndəsi Elmar Fətəliyev, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin nümayəndəsi Rəşad Əlizadə və tələbələr iştirak ediblər.

Görüş zamanı 200-ə yaxın tələbəyə öz hüquqları ilə bağlı ətraflı məlumat verilib, insan hüquqlarının qorunması və davamlı olaraq təkmilləşdirilməsi sahəsində ölkəmizdə həyata keçirilən siyasətdən bəhs edilib.

Bildirilib ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə ölkəmizdə insan hüquqlarının müdafiəsinə dair ilk Dövlət Proqramı təsdiq edilib. Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən isə hər il iyunun 18-i respublikamızda İnsan Hüquqları Günü kimi qeyd olunur.

Çıxışlarda demokratik, hüquqi və dünyəvi dövlət anlayışlarından, əsas insan və vətəndaş hüquqları və azadlıqlarından, vətəndaşların əsas vəzifələrindən bəhs edilib və təhsil almaq hüququnun təfərrüatları diqqətə çatdırılıb.

Tədbirin sonunda insan hüquqularına dair videoçarx nümayiş olunub. Qeyd edək ki, ölkədə hər il 18 may-18 iyun tarixlərində “İnsan hüquqları aylığı” keçirilir.